SUMQAYIT KİMYA SƏNAYE PARKI

İnfrastruktur

Enerji təchizatı

Sumqayıt Kimya Sənaye Parkının ərazisində rezidentlərin fasiləsiz və stabil gərginlikli elektrik enerjisi təchizatı üçün müasir transformatorlar yerləşdiriləcək. Burada rezidentlərə geniş şəbəkəsi olan elektrik verilişi xətləri ilə təmin olunacaqlar. Parkda 2 ədəd 110/35/6,3 kvt-luq müasir yarımstansiyaların inşası nəzərdə tutulur. Elektrik xətləri yeraltı qalereyanın daxili ilə çəkiləcək. Yarımstansiya avtomatik idarəetmə və təhlükəsizlik sistemi ilə təchiz olunacaq.

 

Qaz paylayıcı şəbəkə

Sumqayıt Kimya Sənaye Parkına bir mənbədən iki istiqamətdən qaz verilişi xətləri çəkiləcək. Qaz təchizatı avtomatik nəzarət paneli vasitəsilə idarə ediləcək və bütün təhlükəsizlik normalarına cavab verəcək. Qaz təchizatı həm istehsalın, həm də digər istehlakçıların tələblərini təmin edəcək.

 

Su təchizatı

Sumqayıt Kimya Sənaye Parkında rezidentlər üçün geniş şəbəkəsi olan su verilişi xətləri çəkiləcək. SKSP-də içməli, texniki və yanğın suyuna olan ehtiyacı ödəmək üçün ümumilikdə 5 ədəd su anbarının inşası nəzərdə tutulur. Eyni zamanda Parkın ərazisindəki məişət, kimyəvi, proses və yağış sularının axıdılması məqsədilə ayrı-ayrılıqda xətlər çəkiləcək.

 

Kanalizasiya və drenaj xətləri

Sumqayıt Kimya Sənaye Parkı ərazisində çirkab, kanalizasiya sularının axıdılması üçün kanalizasiya xətlərinin çəkilişi nəzərdə tutulub. Eyni zamanda Parkın ərazisindəki məişət, kimyəvi, proses və yağış sularının axıdılması məqsədilə ayrı-ayrılıqda axın xətləri çəkiləcək. Burada quraşdırılmış sutəmizləyici qurğular vasitəsilə tullantı və proses suları ilkin Sumqayıt sutəmizləyici qurğusuna göndəriləcəkdir.

 

Magistral və daxili avtomobil yolları

Sumqayıt Kimya Sənaye Parkı əlverişli coğrafi mövqedə yerləşir. Parkın Bakı-Rusiya magistralına yaxınlığı idxal-ixrac əməliyyatlarını asanlaşdırır. Marşrut xətləri bütün istehsal və qeyri-istehsal məntəqələrini əhatə edəcək. Burada yüksək standartlara cavab verən daxili avtomobil xətləri salınacaq.

Parkın ərazisində rahat və maneəsiz hərəkəti təmin etmək məqsədi ilə eni 38 metr, 22 metr, 20 metr, 16 metr və 14 metr olan mərkəzi, dairəvi və ara yollar salınacaq. Nəqliyyat xətləri Parkın istehsal və qeyri-istehsal təyinatlı bütün ərazisini əhatə edəcək.

 

Dəmir yolu xətti

Sumqayıt Kimya Sənaye Parkında rezidentlərə xidmət məqsədilə magistral dəmir yol xəttinə birləşən dəmir yol qovşağı inşa olunacaq. Qovşağın yaxınlığında yükləmə-boşaltma məntəqəsi yerləşəcək. Sənaye Parkının yükləmə-boşaltma qovşağının yaxınlığında dəmiryol stansiyalarının inzibati binasının inşası nəzərdə tutulur. Burada ön ofislər və texniki otaqlar yerləşəcək. Dəmir yol xətləri iki istiqamətdə stansiya "Sumqayıt" və H.Z.Tağıyev stansiyasını birləşdirəcək dairəvi yoldan ibarət olacaqdır.