"SUMQAYIT KİMYA SƏNAYE PARKI" MMC

19.01.2018 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

20 Yanvar – Ümummilli hüzn günü ilə əlaqədar “Sumqayıt Kimya Sənaye Parkı” MMC-də faciənin 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Sovet qoşunlarının Bakıda törətdiyi vəhşiliklərin insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacağını vurğulayıblar. Bildirilib ki, 20 Yanvar faciəsində qətlə yetirilənlərin ailə üzvlərinin, şəhid ailələrinin, əlillərin problemləri hər zaman Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin diqqət mərkəzində olub. Bu gün də Azərbaycan xalqı ölkəmizin azadlığı, suverenliyi uğrunda həlak olanların xatirəsinə böyük ehtiram bəsləyir, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən şəhidlərin ailə üzvlərinin sosial müdafiəsinin gücləndirməsi, onlara dövlət qayğısının daha da artırılması istiqamətində sistemli tədbirlər həyata keçirilir.

Tədbirdə 20 Yanvar faciəsi ilə bağlı film də nümayiş olunub.