SUMQAYIT KİMYA SƏNAYE PARKI

20.04.2017 Hindistanın Azərbaycandakı səfiri Sumqayıt Kimya Sənaye Parkında olub

Aprelin 19-da Hindistanın Azərbaycandakı səfiri Sancay Ranan Sumqayıt Kimya Sənaye Parkında (SKSP) olub.

Görüşdə “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktoru Nazim Talıbov SKSP-də görülən işlər barədə məlumat verib. Bildirilib ki, Sənaye və Sosial zonalardan ibarət olan və ümumi ərazisi 466,37 hektar təşkil edən Sumqayıt Kimya Sənaye Parkının yeraltı və yerüstü infrastrukturu dövlət büdcəsi tərəfindən maliyyələşdirilir. Hazırda sənaye parkında geniş infrastrukturun və müasir sosial zonanın yaradılması istiqamətində işlər davam etdirilir.

Qonaqların diqqətinə çatdırılıb ki, Sumqayıt Kimya Sənaye Parkının yaradılmasından qısa zaman keçməsinə baxmayaraq, hazırda 10 şirkətə rezident statusu verilib. Bu rezidentlərin layihələri əsasında cəlb edilmiş investisiyaların həcmi 1,2 milyard ABŞ dolları təşkil edir. İnfrastruktur işləri ilə yanaşı, sənaye parkına yeni rezidentlərin cəlb edilməsi və parkın təbliği istiqamətində işlər davam etdirilir.

Görüşdə Sumqayıt Kimya Sənaye Parkının rezidentləri və onların istehsal edəcəkləri məhsullar, eləcə də Mingəçevir, Qaradağ və Pirallahı sənaye parkları haqqında məlumatlar qonaqların diqqətinə çatdırılıb. Qeyd olunub ki, sənaye parklarının rezidentlərinin qeydiyyatı "bir pəncərə" sistemi ilə həyata keçirilir və rezidentlər 7 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, həmçinin idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə ƏDV-dən və gömrük rüsumundan azaddır. Bütün bunlar isə investisiya layihələrini daha səmərəli edir.

Sumqayıt Kimya Sənaye Parkının rezidentləri tərəfindən istehsal olunacaq müxtəlif sənaye məhsulları, o cümlədən polipropilen, yüksək sıxlıqlı polietilen, şüşə lövhələr, ferroərintilər, yüksək təzyiqə davamlı xortum və fitinq, inşaat qatqıları üçün xammal və hazır məhsulların Avropa və MDB ölkələrinə ixracı nəzərdə tutulur.

Səfir Sancay Ranan bilidirib ki, hazırda bir sıra Hindistan şirkəti Azərbaycanda neft-qaz layihələrində iştirak edirlər. Eyni zamanda Hindistan şirkətləri qeyri-neft sektoru, o cümlədən emal və əczaçılıq sənayesinə investisiya yatırmaqda maraqlıdırlar.

Sonra qonaqlar sənaye parkının ərazisində aparılan tikinti işləri, parkın ilk rezidenti olan "Azertexnolayn" MMC-nin istehsalat müəssisələri ilə yaxından tanış olublar.